Feeds:
Записи
Комментарии

Posts Tagged ‘zabit’

Oturduğunuz çürük budağı daha öncə kəsdiyinizin fərqindəsinizmi?!

Ölkədə neçə gündü az qala, Qarabağı almış, bütün düşmənlərini qırıb-bitirmiş kimi eyforiya yaşanır. Biri-birini təbrik edənə, sevincdən özünü yırtıb-tökənə, sosial şəbəkələrdə tez-tələsik profil şəkillərini dəyişib Ramil Səfərovun fotosunu qoymaqla xəstə vətənpərvər görkəmlərinə girənə, bundan hökümətə yarınmaq üçün fürsət bulana bax. Bu olayda da əksəriyyət urapatriotik-vətənşüvənlik təfəkkürə sadiq qalmağı bacardı. Əhsən hünərimizə!

Demirəm ki, Ramilin vətənə qayıdışından sevinc hissi keçirməyə heç bir əsas yoxdu. Bu talançı hökümətin bütün cinayətlərini bağışlamağı bacaran bir xalq həyatını kifayət qədər bərbad etdiyi “qəhrəmanını” niyə əhf etməsin ki? Düşməni ilə ucuz savaşında qurbana çevirdiyi zabitinin aldığı cəzada bu xalqın da az payı yoxdur, görəsən, onu kim bağışlayacaq? Biz hələ ki, səhv etməkdən doymuruq, uydurduğumuz və ya bizə sırınan “qələbə”, “düşmən”, “qəhramanlıq” kimi oyunlara uyub özümüzü yeni fəlakətlərə sürükləyirik… Elə ki, kimsə bizə düşdüyümüz eybəcər durumunu gösrətməyə çalışır, o saat psevdo patriotlarımız şüvən qoparıb, az qala adamın dilini kəsməyə çalışırlar, özü də balta ilə. Ona görə də bizlər haqlı söz üzündən az başlar itirməmişik. Qorxusu yoxdur, BU VƏTƏNŞÜVƏN təfəkküdən BİR AZ ARALIDA dayanıb baxanda görürsən ki, başsız cəmiyyətdə başından istifadə etməyənlər də az deyil. Necə deyərlər başımızı dincə qoymuşuq, amma dincələ bilmirik… Ramil Səfərov hələ 2004-cü ildə Macarıstanda qatıldığı kursdakı erməni iştirakçısı Qurqen Markaryanı qətlə yetirdiyi və Budapeştdəki məhkəmələri dönəmində cəmiyyətdə onun davranışının düzgün oldub-olmadığı barədə “vətənpərvərlərlə” “vətən xainləri” arasında qızğın mübahisələr gedirdi. Müharibədən məğlub çıxmış, Qarabağı itirmiş, atəşkəs rüsvayçılığı ilə barışmış, başı qarnına qarışıb sivil cəmiyyət də qura bilməmiş, sərvətləri gözü önündə talanmasına rəğmən dilənçi kökünə salınmasına kor və kar olmuş millət sevdalıları, bütün bunlara qarşı nələrsə etməyə çalışmaq əvəzinə, öz təsəllisini bir ermənini baltalayan zabitin “qəhramanlığında” tapmağa çalışır. Bu gün Ramillə yanaşı YAP höküməti də bu cəmiyyətin gözündə eyni dərəcədə parıldaya bildi. Aztv-sindən tutmuş çox tv-sinə kimi yenə hamısı İlham Əliyevi tərifə tutdu, nəhayət əllərinə 2013 seçkilərinə təbliğata yarayacaq bir fürsət düşdü.

Səfərovun rəsmi qaydada ümum milli qəhrəman elan edilməsi onun davranışlarına haqq qazandıranların düşüncələrinə bir legitimlik vermiş oldu. Təbii ki, psevdo vətənpərvərlər də qarşılıq olaraq bu ekstradisiya olayına bütün qanun pozuntularına rəğmən daha möhkəm “şəpit” çalmağa başladılar. Halbuki, Qarabağ savaşının acısını yaşamış, vətənindən didərgin düşmüş, neçə əzizi şəhid olmuş Ramil Səfərovun sonrakı faciəsi heç də yalnız onu təhqir edən bir erməninin cavabını yerində verməyə cəsarəti və ya əqli qabiliyyətinin çatmaması, bəlkə də psixi durumu imkan vermədiyindən onu yataqda yatarkən öldürməsində deyildi. Onu belə vəziyyətə salan, ömürlük hökmü də qazandıran bu məzlum xalqın onu qəhrəman elan etməsi oldu. Öz hərəkəti ilə millətinə vəhşi imici qazandıran Ramili qəhrəman elan edən əzilmişlər, dünyanın gözündə daha qorxunc göründü. Bu gün xalqın 3 milyard avro pulu ilə onun qəhrəmanını vətəninə gətirib, onu əfv etməklə özü üçün xal qazanmağa çalışan hakimiyyət də bir vaxtlar Ramilin məhkəmədə normal müdafiəsini belə təmin edə bilməmişdi. Yadımdadı insanlar qapı-qapı düşüb Səfərovun vəkili üçün pul toplayırdı. Bu hoqqalar olmasa, hökümət zabitinin vaxtında yanında ola bilsəydi, Ramil daha az ağır cəza alar və bəlkə də çoxdan ölkəsinə ekstradisiya olunardı. Adamın həyatını məhv edənlər ölkəni də biyabır etməkdən yorulmaq bilmir, çala-çala onu ölkəyə gətirir, macarlarla rəsmi sövdələşməyə, ölkə qanunlarına tüpürüb onu azadlığa buraxır, birdən-birə mayor edib dünyanı bizə güldürürlər. Bir sözlə bu olaylardan həm Ramil itirdi, həm xalq, həm də dövlət. Bəs qazanan kim oldu? Əlbətdə ki, neçə il sonra canfəşanlıq edən heydərizm. Tax-tacının ömrünü uzatmağa çalışan YAP illər boyu bu cür xalqa düşmən uydurub sırmaqla, insanları müharibə xofunda saxlamaqla oyunlar oynayıb. Axı kimdi bizim düşmənimiz? Torpaqlarımızı ermənilərə peşkaş edən, Qarabağ savaşının qurbanı olan əlil və şəhidlərinin heç bir dəyəri olmadığı, hər gün qeyri-müharibə şəraitində əsgər ölümlərinin adi hala çevrildiyi ölkədəki hakimiyyət, yoxsa bu müharibənin oyuncaqlarından birinə çevrilmiş kasıb Ermənistan? Elə ermənilər də bizim kimi az bədbaxt deyillər. Bu müharibədə əslində hər ikimiz uduzmuşuq. Ermənilər də dinc türk və azərbaycanlı vətəndaşlarını qətlə yetirənləri qəhrəman sanır, yazıq-məzlum durumlarına bununla sevinc qatmağa çalışırlar. Bizlər də bu məsələlərdə onlara bənzəyirik. İki yazıq xalq biri-birini düşmən sanır, ara-sıra onlar arasında nifrəti artıracaq hadisələr törədilməklə aranı daha da qarışdıraraq alver edirlər. Azərbaycanı da, Ermənistanı da bu zibilə salan, heç kimə sirr deyil ki, Rusiyadır. Vəziyyətdən yararlanan Azərbaycan hakimiyyəti təbii ki, əsl düşmənini görməməzlikdən gəlir və xalqın başını qatmaq üçün cılız düşmən sırımaqla məşğul olur. Axı kimsə düşmən obrazını oynamalıdır?! Heydərizmə Qarabağ lazım deyil, ona görə yox ki, Rusiya ilə vuruşacaq cəsarətdə deyil, səbəb müharibə şəraitinə olan ehtiyacdan doğur. Bir anlıq təsəvvür edin ki, müharibə bitib, artıq nə Ermənistan, nə Rusiya düşmən deyil. Bu zaman YAP höküməti xoxan deyib kimlə qorxudacaq milləti? Axı bu gün xilas üçün onun ətəyindən yapışan yazıq xalq, əsl düşmənini tanıya bilər? Bizlərə sırınan bu cılız düşmən fonunda Ramil Səfərovun əfv edilməsinin cəbhədə gərginliyi artıracağı da gözlənilən idi. Əlbətdə ki, düşməni də saxta olan xalqa qəhrəmanını qaytarmaq heydərizmin işinə təkcə seçkilərdə rəğbət qazanmaq baxımından yaramır. Bu həm də erməni və azərbaycan xalqı arasındakı nifrətdən güc alan hakimiyyətinin ömrünü uzatmaq üçün fürsətdir.

Təhminə Tağızadə

Read Full Post »